Home > Uncategorized > XÜSUSİ ADLARIN TƏRCÜMƏSİ PROBLEMİ. 2-Cİ HİSSƏ

XÜSUSİ ADLARIN TƏRCÜMƏSİ PROBLEMİ. 2-Cİ HİSSƏ

Əvvəli…

PEŞƏKAR YANAŞMA

Problemimiz xüsusi adların tərcüməsidir. Mövzumuz xüsusi adların tərcümə edilmədən, adaptə edilmədən hədəf dilə ötürülməsi təklifidir. Bu yazıda da öncəki yazıda olduğu kimi, problemə qeyd etdiyimiz təklifi həll yolu kimi göstərənlərin mövqelərini işıqlandırmağa davam edirik.

Öncəki yazımda xüsusi adların tərcüməsi probleminə təklif müəlliflərinin yanaşması barədə bəhs etmişdim. Müxtəlif müəlliflərin problemə yanaşmasını qısaca təhlil etdikdən sonra, növbəti yazımda Azərbaycan Dillər Universitetində kafedra müdiri dos.Qılıcxan Bayramovun bu mövzuya yanaşmasını təqdim edəcəyimə söz vermişdim.

Xüsusi adların tərcüməsi ilə bağlı müzakirələr meydana çıxanda bu mövzuda daha peşəkar linqvistlərimizin mövqelərini öyrənməyə çalışarkən, Qılıncxan müəllimin 2010-cu ilin noyabrında Bakıda keçirilən beynəlxalq konfransda etdiyi çıxışın mətnini əldə etdim. Mətn təəssüfümə səbəb olsa da (çıxışda xüsusi adların hədəf dilə adaptə edilməməsi təklif edilir), problemin qoyuluşu, təklifin irəli sürülmə üsulu və təklifin bir ehkam kimi qoyulmaması məni mütəəssir etdi. Belə ki, kifayət qədər əsaslandırma təqdim etdikdən sonra, müəllif təklifini irəli sürür: TƏKLİF EDİR!

Bəli, təcrübəsi on illərlə ölçülən mütəxəssis hələ ki, sadəcə təklif edir: “Adlarımızı adaptə etməyək, heç olmasa onları latın qrafikasından istifadə edən dillərə olduğu kimi təqdim edək. Latın qrafikasından istifadə edən dillərdən xüsusi adların transformasiyası zamanı onları həmin dillərdəki imlasını olduğu kimi saxlayaq. Bela oldugda adlarımızı hər kəs istədiyi kimi transformasiya eda bilmir,adlarımız təhrifə uğramır.”

Yenə Azadlıq Radiosunda dərc edilən yazıya istinad etmək istəyirəm. Tanış olmaq istəyənlər üçün: http://www.azadliq.org/content/article/24306743.html

Göstərdiyim yazıda kimlərsə günahlandırılır, bu zamana qədər adları adaptə edənlər məntiqsizlikdə günahlandırılır 🙂

Nəzərinizdə olsun ki, bu zamana qədər Azərbaycanın bütün peşəkar tərcüməçiləri, linqvistləri adları adaptə etməkdədirlər. Çünki xüsusi adların tərcümə olunmaması ideyası hələ ki dilimizdə təklif mərhələsini adlaya bilməyib. Amma bu ideyanı dəstəkləyənlərin bir çoxu təklifin qəbul olunmasını gözləmədən öz yazılarında bu ideyanı tətbiq edirlər. Nə qədər məntiqlidir? Bu, sadəcə olaraq, yanlışdır, dilimizdə qəbul edilməyən bir normanı artıq tətbiq edirsinizsə, siz sadəcə dilimizin orfoqrafik qaydalarını pozmuş olursunuz. Dilimizə hörmət edək və tələsməyək!

Peşəkar yanaşaq! Cənab Bayramov da eyni ideyanı dəstəkləyənlər arasındadır. Ötən yazımda verdiyim linkləri unudun və buyurun, problemə peşəkar nöqteyi-nəzərdən baxın:

(2-ci hissənin sonu: Növbəti yazıdan etibarən problemə öz yanaşmamı təqdim edəcəyəm)

“Mədəniyyətlərarası Dialoq: Linqvistik, Pedaqoji və Ədəbi Aspektlər”

25-26 noyabr, 2010

Bakı, Azərbaycan

Qılıncxan Bayramov

                         Azərbaycan, ADU

                         Adların tranformasiyası problemi

                                      (müzakirə təriqilə)

Açar sözlər: mərkəz dil, hədəf dil, xüsusi dil

Ad fərqləndirici sözdür. Ad xalqın mədəniyyətinin bir elementidir, o, təkcə şəxsi, yeri və sairi fərqləndirmir, həm də onun hansı mədəniyyətə aid olduğunu bildirir. Sovet dövründə Azərbaycan türklərini öz köklərindən ayırmaq üçün əlifba dəfələrlə dəyişmişdir. Bu cür təzyiqlərə əksər türk dilli, eləcədə islam dinində olan digər xalqlar da məruz qalmışlar.

Şimali Azərbaycanda adlarımızın ruslaşdırılmasına qarşı həmişə müqavimət olmuşdur. Bir çox görkəmli ziyalılarımız ad, soyad və təxəllüslərini türk, şərq mədəniyyətinə uyqun şəkildə səsləndirmişlər. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müsfiq, Rəsul Rza, Səməd Vurğun və başqaları buna bariz nümunədir.

Bu məsələni nə üçün qaldırırıq?  Tərcüməçilik fəaliyyətimiz dövründə, xüsusilə Azərbaycanın müstəqilliyi dönəmində ingilis dilində tərcümə edərkən adlarımızı ingilis dilinə və ingilis dilindəki adları Azərbaycan dilinə transformasiya edərkən çox böyük çətinliklərlə üzləşməli olmuşuq.

Problemin mahiyyəti nədən ibarətdir? Məlumdur ki, ərəb qrafikasından imtina etdikdən sonra Azərbaycanda latın, sonra isə kiril, daha sonra yenə də latın qrafikası əsasında  əlifba yaradılmışdır, bu əlifbaların hamısında cüzi fərqlərə baxmayaraq hamısında səslənmə əsas götürülmüşdür, yəni söz necə deyilirsə, o cür də yazılır, sözdə neçə fonem varsa, o sayda da hərf var, hər bir hərf bir səsin simvoluna çevrilmişdir. İngilis və Azərbaycan dillərinin fonem və əlifba sistemlərini müqayisə edək. İngilis dilində 24 səssiz və 23 səsli fonem var:

Bu müqayisədən görünür ki, ingilis dilində fonemlər və hərflər arasında uyğunluq yoxdur, bir hərf müxtəlif vəziyyətlərdə müxtəlif cür oxunur, bəzi səslərin alınması üçün hərf birləşmələrindən istifadə olunur.

Azərbaycan dilində isə bir səsin əldə edilməsi üçün hərf birləşmələrindən isistifadə olunmur, bir hərf bir səs modeli mövcuddur. Azərbaycan əlifbasındakı müəyyən hərflər ingilis əlifbasında yoxdur və əksinə eləcə də ingilis dilində böyük sayda fonemlər Azərbaycan dilində yoxdur.

Məlumdur ki, rastlaşdığımız ingilis, alman, fransız toponim və antroponimlərin əksəriyyəti vaxtı ilə tərcümə zamanı transkripsiya yolu ilə dilimizə gəlmişdir. Yazılışını bilmədikdə onları yenidən həmin dillərə transkripsiya, yaxud trasnliterasiya etdikdə ciddi uqğunsuzluqlar baş verilir. Məsələ burasındadır ki, dediymiz dillərdən mətnləri tərcümə edərkən mütərcimlər adları eşitdikləri şəkildə təqdim edir, bununlada məxəz mətndəki adla tərcümədəki ad arasındakı  fərq yaranır.

Çox zaman bizə material Azərbaycan, yaxud rus dilində təqdim olunur, adlar Azərbaycan, yaxud rus dilinə uyğunlaşdırılmış  şəkildə olur. Həmin adları yenidən ingilis, yaxud digər Avropa dillərinə transkripsiya, yaxud transliterasiya etdikdə nəinki bizim üçün, eyni zamanda həmin dillərin daşıyıcıları üçün problem yaranır.

Belə bir məqama da toxunmaq lazımdır ki, ingilis dilindəki adlar lüğətinə ən çox yayılmış adlar daxil edilir, yəni lüğətlər istər ABŞ-da, istərsə də İngiltərədə işlənən bütün insan adlarını əhatə etmir. Digər tərəfdən isə bizə Azərbaycan dilində təqdim olunan bir ad ingilis dilində eyni şəkildə tələffüz oluna, müxtəlif formada yazıla bilər. Məsələn: Byrd, Bird, Burd, Berd. Bunların hamısı [böd] kimi oxunur. Ayrı bir misala müraciət edək. Müstəqillik illərində Azərbaycanın diplomatik əlaqələri, müxtəlif beynəlxalq, regional təşkilat, qurum və nümayəndəliklərdə Azərbaycanın təmsilçiliyi artmışdır. Bu da öz növbəsində  diplomatik sənədlərdə çoxlu xususi adlarin Azərbaycan dilinə axınına səbəb olmuşdur. Azərbaycan və rus dillərinə müxtəlif yollarla transformasiya edilmiş bu adlari yenidən geri, yəni ilkin formasına salmaq tərcüməçi üçün ciddi problem yaranır. Məsələn, vaxtilə ATƏT-in Minsk qurupunda ABŞ-ı təmsil edən Keri Kavano, Fransa, təmsilçisi Qilyarmonun adı çəkilir, bu şəxslərin adları bizə bu şəkildə çatmışdır. Bir dəfə transkripsiya  edilmiş ad ikinci dəfə transkripsiya edildıkdə həmin şəxslər öz adlarına müəyyən sənədlərdə rast gəldikdə çaşbaş qalır, ya da öz adlarını tanımırlar. Halbuki, Keri Kavano ingilis dilində Carey Cavanaugh, Qilyarmo isə Gaillarde-dir. Eyni sözləri Fransanın keçmiş prezidentləri Fransua Miteran, (Français Mitterand) Jak Şirak (Jacques Chirac) haqqında demək olar.

İngilis dilində tərcümələrdə latın əlifbalı dillərdəki xüsusi isimlərin orijinal imlası saxlanılır. İngilis dilinə transkripsiya, yaxud transliterasiya olunmur. Bu ənənə artıq türk dilinə və türk dilindən tərcümələrdə də möhkəmlənmişdir. Məsələn, Şekspirin “Yuli Sezar” əsərindəki qəhramanın adı ordakı kimi (Julius Casear), Bakı-Tbilisi-Ceyhan neft kəmərinin adındakı Ceyhan limanının adı i ingilis dilindəki sənədlərə də öz ilkin formasını saxlamışdır, halbuki, Ceyhan sözü ingilis dilində Seyhan kimi oxuna bilər, çünki C hərfindən sonra i,e,y gələrsə, o,[s] kimi, qalan hallatda (k) kimi oxunur.Bu cür nümunələrin sayını artırmaq olar.Nə təklif edirik?

1.      Adlarımızı adaptə etməyək, heç olmasa onları latın qrafikasından istifadə edən dillərə olduğu kimi təqdim edək. Latın qrafikasından istifadə edən dillərdən xüsusi adların transformasiyası zamanı onları həmin dillərdəki imlasını olduğu kimi saxlayaq. Bela oldugda adlarımızı hər kəs istədiyi kimi transformasiya eda bilmir,adlarımız təhrifə uğramır.

Ad milli tanıtımdır, bütün hallarda tərcümədə onların imlası yoxlanmalı,dəqiqləşdirilməlidir. Biz nəinki dilimizə olan tərcümələrdə xüsusi adları, həm də  öz adlarımızı  hədəf dillərə adəptə etməyək.

  1. Aza
    November 10, 2014 at 7:04 am

    Mən elə indi yazdığım məqaləm üçün Qılıncxan müəllimin fikrini bilmək istəyirdim. Çox şad oldum ki, fikirlərimizin bir qismi üst-üstə gəlir. Amma çox heyf ki, bizim kimi latın qrafikasından istifadə edənlərin hamisi sözləri yazdıqları kimi oxumurlar. Bu zaman transliterasiya mütləqdir, mötərizə arasında isə orijinal qrafika göstərilə bilər. Eyni zamanda tərcümə mətnimizin hansı üsluba və hansı oxucu tükləsi üçün nəzərdə tutulduğu çox önəmlidir.

  1. No trackbacks yet.

Şərh yaz